×

Xəbərlər

Xəbərlər 06 Apr 2024
ADNSU-da HİK-in XXIII hesabat-seçki konfransı keçirilib

Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) XXIII hesabat-seçki konfransı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra HİK sədri Məzahir Babayev hesabat məruzəsi ilə çıxış edib. 

Ötən dövr əzrində HİK-in ADNSU əməkdaşlarının əmək və sosial hüquqlarının müdafiəsi, sanatoriya və istirahət mərkəzlərində istirahəti və müalicəsi, onlara maddi yardım və mükafatların verilməsi istiqamətində görülən işlərdən danışan M.Babayev universitetdə keçirilən mədəni-kütləvi tədbirlərə göstərilən dəstəyin artdığını bildirib. HİK-in fəaliyyətinin genişləndirilməsini onun büdcəsinin artması ilə əlaqələndirən M.Babayev bunun ölkədə gedən iqtisadi tərəqqinin nəticəsi olduğunu qeyd edib. Azərbaycan Respublikası prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə 2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə toxunan M.Babayev Azərbaycan Respublikası Silahlı Qüvvələrin Yardım Fonduna, “Yaşat” və Qarabağ Dirçəliş Fondlarına, qazi və veteran əməkdaşlara göstərilən maddi dəstək və ianələrdən danışıb. Təftiş Komissiyasının rəhbərinin HİK fəaliyyətinin qənaətbəxş olması haqda çıxışından sonra başlanan müzakirələrdə konfransa seçilmiş üzvlər Həmkarlar Komitəsinin işini yüksək qiymətləndiriblər.

Daha sonra konfrans nümayəndələri HİK-in 15 nəfərdən ibarət idarə heyətinin sədrini seçiblər. Toplantıda iştirak edən 65 nümayəndənin yekdil qərarı əsasında M.Babayev yenidən HİK-in sədri seçilib. 

ADNSU-nun rektor əvəzi Vazeh Əskərov HİK-in universitetin sosial həyatı ilə yanaşı akademik və elmi fəaliyyətində də mühüm rol oynadığını qeyd edib. ADNSU HİK-in artan imkanlarını ölkə başçısı İlham Əliyevin effektiv siyasəti ilə əlaqələndirən dos.Vazeh Əskərov bir müddət əvvəl, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq növbəti müddətə prezident seçilməsini bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, ADNSU HİK-ə və yeni seçilmiş sədr M.Babayevə uğurlar arzulayıb. 


Paylaş