Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya texnologiya fakültəsinin (KTF) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə görüş keçirilib.
Görüşdə çıxış edən KTF-in dekanı, professor Sevinc Məmmədxanova iştirakçıları salamlayaraq bu cür tədbirlərin aidiyyəti ixtisas üzrə ali təhsil alan gənclərlə yanaşı, əhalinin sağlam həyat tərzi və sağlam qidalanması baxımından maariflənməsindəki mühüm rolundan danışıb.
"Qida mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələrin iştirak etdiyi görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Səbinə Nuruzadə, Billurə Mikayıllı, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İradə Hüseynli və Ləman Abbasova "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatla çıxış ediblər.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.