Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “Gənc düşüncənin gücü” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov gənclərin ölkə miqyasında bir sıra mühüm layihələrdə, əsasən də “Yaşıl dünya naminə həmrəylik ili” və COP 29-la bağlı tədbirlərdə və konfranslarda fəal iştirak etdiyini, onların potensialına hər zaman ehtiyac olduğunu deyib. Belə maraqlı layihələrin təşkilində göstərdikləri təşəbbüsə görə “Odlar Yurdu” Gənclər İB-nə təşəkkürünü bildirib.
"Odlar Yurdu" Gənclər İB-nin baş katibi Nərmin Daşdəmirbəyli layihə haqqında iştirakçılara məlumat verib, layihənin məqsədinin gənclər arasında komanda işinin inkişafı, şəxsi inkişaf, psixoloji təlimlər və bu kimi mövzularda gənclərlə maarifləndirici tədbirlərin keçirilməsi olduğunu deyib.
Sonra psixoloq Gülnarə Muxtarova və təlimçi, psixoloq Mirşahin Əlizadə düşüncənin gücünün insan həyatına təsiri və zehnin işləmə prisnipləri barədə fikirlərini bölüşüblər, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.