Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA proqramlarının direktoru, professor Rafiq Əliyevin elmi rəhbərliyi ilə ADNSU və Daşkənd Dövlət Texniki Universitetinin (TSTU) birgə kollektivi tərəfindən tələbələr üçün “Süni intellekt” dərsliyi hazırlanıb.
Yeni nəşr mövcud olan S.Russellin "Süni intellekt" və C.C.Aggarwalın "Süni intellekt" dərsliklərindən fərqlənir. Sözügedən hər iki dərslikdə əsas diqqət “sərt” hesablamalar metodologiyasına, o cümlədən, simvolik məlumatların emalına və klassik 1-ci tərtib məntiqə yetirilir. Təqdim olunan yeni dərslik isə qeyri-səlis məntiq, hibrid sistemlər və s. kimi “yumşaq” hesablamalara əsaslanan müasir yanaşmalara fokuslanır. Dərslik həmçinin, Süni İntellektin (Sİ) yeni tətbiqlərini - böyük verilənlər, Əşyaların İnterneti (Əİ) və “Sənaye İnqilabı 4.0” kimi sahələri əhatə edir.
Dərslik 13 fəsildən və bir qlossaridən ibarət olmaqla problem həlli, biliklərin idarə edilməsi, məlumatların əldə edilməsi, yumşaq hesablamalar və neyrokompütinq, maşın öyrənməsi, təbii dillərin işlənməsi, qərar qəbuletmə, ekspert sistemləri, robototexnika, bulud hesablamaları və Əşyaların İnterneti (Əİ) kimi süni intellektin müasir nəzəriyyə və təcrübələrini özündə ehtiva edir.
Sadədən mürəkkəbə doğru üslubda təqdim olunan materiallar aparıcı universitetlərin tədris proqramlarına və toplanmış beynəlxalq təcrübəyə, mürəkkəb problemlərin həllində Sİ nəzəriyyəsinin inkişafının müasir tendensiyalarına uyğundur.
Dərslik “Süni intellekt”, “Avtomatlaşdırma və idarəetmə”, “Kompüter elmləri” istiqamət və ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də qeyri-müəyyənlik şəraitində intellektual sistemlərin inkişafı və qərarların qəbulu ilə bağlı sahələr üçün nəzərdə tutulub.
Dərslik müxtəlif ölkələrdən Sİ sahəsində tədqiqatçılar tərəfindən müsbət rəylər alıb. Hazırda Özbəkistan Respublikasının “Mərifət” nəşriyyatı tərəfindən tələbələr üçün dərsliyin rus dilində nəşri buraxılıb, Azərbaycan, özbək və ingilis dillərindəki variantları çapa hazırlanır.