×

Xəbərlər

Xəbərlər 04 Oct 2017
ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verilib

Oktyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji-kəşfiyyat (GKF) və Kimya-texnologiya fakültələrinin (KTF) birinci kurs tələbələrinə Unibook-un (Elektron universitet) istifadə qaydaları izah edilib.

ADNSU-nun İnformasiya Texnologiyaları departamentinin direktoru Elnur Səfərli Unibook haqqında tələbələrə geniş məlumat verib. Sistemin iş prinsipi, daxili qayadaları və digər bölmələri tələbələrə izah olunub. Daha sonra E.Səfərli  interaktiv lövhədə sistemin necə işlədiyi və istifadə qaydaları ilə tələbələri tanış edib. O, qeyd edib ki, Unibook vasitəsilə tələbələr ayrı-ayrı tədris strukturları, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid bir informasiya mühitində istənilən fənn üzrə materiallar əldə edə, eləcə də hər bir müəllimin mühazirəsi və konspektləri ilə tanış ola bilərlər.

E.Səfərli vurğulayıb ki, bütün tələbələr portala giriş imkanına malikdir və bunun üçün hər bir tələbənin xüsusi şifrəsi var. Həmçinin qeyd edilib ki, tələbələr istədikləri zaman şifrələrini dəyişdirə və beləcə, istədikləri zaman “Unibook”a daxil olub, istədikləri məlumatı öyrənə, laborator işlərini apara, istənilən dərs tapşrırıqlarını hazırlaya, bütün kafedralar haqqında məlumat ala və hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya bilərlər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, portalda universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdirilib. Dərslərin mövzusu müəllimlər tərəfindən doldurulur və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunur. Fənn proqamlarında isə keçilən fənnlər və ballar yer alır.


Paylaş