Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilib. Bu münasibətlə Heydər Əliyev Sarayında konsert proqramı təşkil olunub.
Tədbirdə dövlət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, universitetin əməkdaşları və tələbələr iştirak ediblər.
Konsertdə incəsənətin müvafiq janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış ediblər. Yaradıcılıq festivalında ADNSU-nun "Gənclik" mahnı və rəqs ansamblının musiqi nömrələri, eyni zamanda tələbələrimizin fərdi çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirməkdən ibarətdir.