Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Alqotitmika” Beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin “Rəqəmsal Bacarıqlar” və “Code For Future” layihələrinin birgə təşkilatçılğı ilə “İT sahəsindəki yolum” adlı tədbir keçirilib.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Fidan Nəcəfova, Təhsil Sisteminin İnformasiyalşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov, Elm və ali Təhsil üzrə Dövlət Agentliyində “Code For Future” layihəsi üzrə koordinator Yuliya Sivaldayeva və “Alqotitmika” Beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin layihələr üzrə direktoru Qəmər Məmmədova və digər qonaqlar iştirak ediblər.
"İT sahəsindəki yolum" workshopunun ilkin mərhələsindən 300-dən çox şagird qeydiyyatdan keçib. Onlardan 105 nəfər 2-ci mərhələyə keçib. Final mərhələsinə isə 42 nəfər Bakı məktəblərindən, 4 nəfər Sumqayıt, 5 nəfər Mingəçevir, 1 nəfər isə Gəncədən olmaqla ümumilikdə 52 nəfər şagird finala vəsiqə qazanıb.
Final mərhələsində “Code For Future” layihəsinin iştirakçıları olan müəllim və tələbələrin iştirakı ilə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində "İnformasiya texnologiyaları" ixtisasına yiyələnmək istəyən 10-11-ci sinif şagirdləri arasından seçilən final iştirakçıları üçün “workshop” formatlı sessiya keçirilib. Sessiyanın əvvəlində müəllimlər tərəfindən iştirakçılara web proqramlaşdırma, HTML alətləri ilə web səhifə yaratmaqla bağlı təlim keçirilib. Daha sonra “Code For Future” layihəsinin tələbələrinin mentorluğu ilə şagirdlər tapşırıqlara əsasən layihə hazırlamağa başlayıblar. Sonda şagirdlər tərəfindən bir web səhifə hazırlanaraq dizayn edilib. 2 saat ərzində hazırlanan layihələr müəllimlər tərəfindən yoxlanılaraq qiymətləndirilib.
Qeyd edək ki, “Code For Future” layihəsinin 13 məzunu ADNSU-da İT üzrə oxuyan 3 və 4 cü kurs tələbələridir. Sonda isə “İT sahəsindəki yolum” adlı “workshop”da iştirak edən komandalar arasında qalib komanda müəyyən olunub. Qalib komandanın hər bir üzvünə dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub. Bununla yanaşı “workshop”da iştirak edən hər bir finalçı sertifikatla mükafatlandırılıb.