×

Xəbərlər

Xəbərlər 21 May 2024
ADNSU-da SABAH qruplarına qəbulla bağlı infosessiya keçirilib

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024-2025-ci tədris ili üzrə SABAH qruplarının bakalavr və magistr səviyyəsində tələbə qəbulu ilə bağlı infosessiya keçirilib.

Tədbirdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova, ADNSU-nun SABAH qruplarının rəhbəri Arzu İbrahimova və tələbələr iştirak ediblər. 

ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Q.Məmmədov iştirakçıları salamlayaraq SABAH qruplarının təhsil  və tədrisin keyfiyyətinin daha da yüksəldilməsindəki əhəmiyyətindən danışıb.

 Tədbirdə SABAH qruplarının fəaliyyəti və məqsədi haqqında videoçarx nümayiş olunub.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova SABAH qrupları haqqında ətraflı məlumat verərək seçim və qəbul prosesi, tədris imkanları və digər üstünlüklərindən danışıb. O, tələbələr üçün yaradılan əlverişli tədris mühiti və prioritet məsələlər haqqında məlumat verib və bildirib ki, müasir ixtisaslı kadr hazırlığında SABAH qrupları məzunlarının əmək bazarında rolu böyükdür.

ADNSU-nun SABAH qruplarının rəhbəri Arzu İbrahimova universitetin SABAH mərkəzi haqqında məlumat verib, tələbələrin hazırlıq səviyyəsindən və ststistikasından danışıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.


Paylaş