Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda görüş keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşları, ADNSU-nun Əcnəbi tələbələr departamentinin əməkdaşları və əcnəbi tələbələr iştirak ediblər.
Görüşdə “Miqrasiya Sahəsinin İnkişafı” İB-nin sədri, layihə rəhbəri Vidadi Fətullayev iştirakçıları salamlayaraq əcnəbi tələbələrin Azərbaycanda təhsilə marağının artdığını qeyd edib və bildirib ki, əcnəbi tələbələrlə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vahid portal yaradılıb. O, iştirakçılara Miqrasiya xidmətinin internet resursları barədə da məlumat verib.
Seminarda həmçinin, Miqrasiya Xidmətinin Hüquqi Təminat İdarəsinin rəis müavini Xəyalə Abbasova, Miqrasiya Proseslərinin Tənzimlənməsi Baş İdarəsinin baş inspektoru Ruslan Ağayev, Miqrasiya Proseslərinin Təhlili İdarəsinin rəis müavini Sunay Quliyev və sektor rəhbəri Elvin İsmayilov çıxışlarında Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər, əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları, miqrasiya qanunvericiliyinin müxtəlif aspektləri, elektron xidmətlər və resurslardan istifadə qaydaları haqqında məlumat veriblər, əcnəbi tələbələrin qeydiyyatı və miqrasiya məsələlərində rast gəlinən aktual məsələlərdən danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.