×

Xəbərlər

Xəbərlər 03 Jun 2024
ADNSU-nun Təcrübə proqramını uğurla başa vuran tələbələri mükafatlandırılıb

NORM Sement Zavodu tərəfindən tələbələr üçün təşkil edilən Təcrübə proqramının bağlanış mərasimi keçirilib. 

Tədbirdə digər ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları da iştirak ediblər.

Tədbir zamanı şirkətin nümayəndələri bu günün uğurlu təcrübə keçən tələbəsinin gələcəyin mütəxəssisi olduğunu diqqətə çatdırıblar və istehsalla yanaşı, şirkət olaraq kadr hazılığında təhsil müəssisələrinə dəstəyin onlar üçün önəmli olduğunu bildiriblər. Çıxışlarda ADNSU ilə NORM Sement Zavodu arasındakı əməkdaşlıq əlaqələrinin uzun illərdir davam etdiyi, bundan sonra da daha böyük uğurlara nail olacaqları vurğulanıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

Bir neçə ali təhsil müəssisəsindən tələbələrin qatıldığı proqramda ADNSU-nun 6 tələbəsi uğurlu təcrübəyə görə sertifikatla təltif olunub. Tədbirdə tələbələr üç ay davam edən proqram çərçivəsində əldə etdikləri praktiki bilikləri prezentasiya şəklində təqdim ediblər.

Tədbirdə çıxış edən ADNSU-nun Təcrübə bölməsinin mütəxəssisi Zümrüd Hüseynova universitetdə tələbələrin təcrübəkeçmə prosesinə göstərilən diqqətdən danışıb və istehsal müəssisələri ilə qarşılıqlı əməkdaşlığın tələbələrin iş və təcrübə imkanlarının genişləndirilməsində mühüm rol oynadığını deyib. O, tələbələrə universitet və müəssisə tərəfindən onların ixtisaslı mütəxəssis kimi yetişməsi üçün yaradılan şəraitdən maksimum yararlanmağı tövsiyə edib.

Sonda təcrübə proqramını uğurla başa vuran tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.


Paylaş