Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyasında bakalavriat səviyyəsində I, II və III kurslar üzrə, magistratura səviyyəsində isə I kursların imtahanları keçirilir.
ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət olunur.
Qeyd edək ki, ADNSU-da “Riyaziyyat” və “Xarici dildə işgüzar və akademik kommunikasiya” üzrə imtahanlar yazılı-şifahi, digər bütün fənlər üzrə imtahanlar isə (həm bakalavriat, həm magstratura səviyyələrində) yazılı formada keçirilir. Digər bir yenilik isə “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni üzrə imtahan fənnini tədris edən müəllim tərəfindən deyil, kafedranın digər müəllimi tərəfindən aparılır. İmtahanlardan sonra cavablar kodlaşdırılır və xüsusi ayrılmış auditoriyada yoxlandıqdan sonra nəticələr elektron sistemdə (LMS) yerləşdirilir. Tələbələr imtahanın nəticələri elan edildiyi gündən 72 saat ərzində apelyasiyaya müraciət edə bilərlər. ADNSU-da yaz semestrinin imtahan sessiyası qiyabi şöbədə mayın ikinci yarısından, əyani şöbədə isə mayın 31-dən başlayıb və iyulun 5-də bitəcək.
İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kəsr imtahanı üzrə) sentyabrın 3-14-ü arasında (tələbənin istəyi ilə) 25% ödənişlə təkrar imtahan verə bilər. Bundan əlavə müxtəlif fənlərdən aldıqları qiymətlərini yaxşılaşdırmaq istəyən təhsilalanlar bu məqsədilə ödənişli əsaslarla təşkil edilən yaz semestrinə müraciət edə bilərlər.
Yazılı imtahanlarda tələbələrin kodlaşdırılmış cavab vərəqləri 522 nömrəli auditoriyada müəllimlər tərəfindən yoxlanılır. Yoxlama müddətində müəllimlər otağa daxil olanda telefonlarını nəzarətçilərə təhvil verirlər.