×

Xəbərlər

Xəbərlər 07 Jun 2024
ADNSU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və “SƏS” Media Qrupun birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Tədbir Ümumilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra SƏS Media Qrupunun hazırladığı "Xalqın taleyini dəyişən Zəfər Günü" adlı film nümayiş etdirilib. Tədbirdə ADNSU-nun rektor əvəzi, YAP İdarə Heyətinin üzvü, dosent Vazeh Əskərov, SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev, universitetin professor-müəllim heyəti və tələbələr, həmçinin media nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov 90-cı illərin əvvəllərində ölkədəki siyasi proseslərdən, Milli Qurtuluş Gününün yaranma tarixindən və Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əsaslı addımlar atıldı, iqtisadi tənəzzülə son qoyuldu, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradıldı, səhiyyə, təhsil və digər bütün sahələrdə inkişafın təməli qoyuldu.

15 iyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki önəmindən bəhs edən Vazeh Əskərov həmin günün Azərbaycan tarixində mühüm mərhələnin başlanğıcı kimi tariximizə qızıl hərflərlə həkk olunduğunu deyib. Dahi Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın beynəlxalq arenada qüdrətli, regionda müstəqil, güclü dövlətə çevrildiyini deyən dosent Vazeh Əskərov Ulu Öndərin dövlətçilik ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla və dinamik formatda davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca deyib ki, Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan dağılmaq üzrə idi: "Həmin dövrdə Azərbaycan rəhbərliyi zəif və qeyri-peşəkar idi. Bir qrup ziyalı Heydər Əliyevə müraciət edərək xalqın Onun hakimiyyətə gəlməsini istədiyini bildirdilər. Təkidli tələbdən sonra xalqı düşdüyü bəladan qurtarmaq üçün Ulu Öndər Bakıya qayıtdı. Xaosa, anarxiyaya son qoyuldu. 1969-cu ildə də Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələrkən də Azərbaycanda rüşvətxorluq tüğyan edirdi, böyük çatışmazlıqlar var idi, Azərbaycan aqrar respublika kimi tanınırdı. Ulu Öndərin sovet hakimiyyəti illərində hakimiyyətə gəlişindən sonra Cəmşid Naxçıvanski adına Hərbi Lisey fəaliyyətə başladı, ordu quruculuğunda mühüm işlər görüldü, həmçinin ölkə iqtisadiyyatı gücləndi".

Xeyrəddin Qoca Heydər Əliyevin Müsəlman şərqinin böyük insanı, əsl azərbaycanlı olduğunu vurğulayıb. O, bütün bunların fonunda Ümummilli Lider Heydər Əliyevin böyük düşüncəyə sahib insan olduğunu diqqətə çatdıraraq çıxışını yekunlaşdırıb.

Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bildirib ki, Ulu Öndər Heydər Əliyev haqqında danışanda Onun Azərbaycan xalqının düşüncəsində tarixi bir şəxsiyyət, hətta tarixin özü olduğunu görürük. Dahi Lider Heydər Əliyevin Azərbaycan xalqının mübarizə mənbəyi olduğunu bildirən Alqış Musayev iki əhəmiyyətli gün barədə danışıb. Onun fikrincə, 1993-cü il Milli Qurtuluş Günü və 2003-cü il Prezident seçkiləri günü nəinki bölgənin, bütün ölkənin taleyini həll etdi. Üstündən çox vaxt keçməməsinə baxmayaraq dövlət başçısı İlham Əliyevin bütün dünyanı təəccübləndirdiyini, dünyanı heyrətləndirərək Azərbaycana hörmət etməyə məcbur etdiyini qeyd edən Alqış Musayev dünya dövlətlərinin artıq bizimlə hesablaşdıqlarını da bura əlavə edib. O bildirib ki, bu gün Prezident İlham Əliyev Azərbaycanın namusunu hifz edib, bayrağını ən yüksək yerdə ucaldıb. “Eşq olsun bizi bu günə gətirib çıxaran yola və bu yolun sahibinə!”, sözləri ilə çıxışını sonlandıran Alqış Musayev hər kəsi bu tarixi gün münasibətilə təbrik edib.

Sonda çıxış üçün söz SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevə verilib. Media Qrupun rəhbəri bildirib ki, tələbələr üçün Ümummilli Lider Heydər Əliyevi yaxından tanımaq, dərk etmək çox vacibdir: “Tələbələr bilməlidirlər ki, biz nədən xilas olduq. Biz çörək növbələrindən, xaosdan, anarxiyadan, dağılmaqdan, məhv olmaqdan qurtulduq. Ölkə ziyalıları Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan xilas etmək üçün 1992-ci ilin oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Ümummilli liderimiz Heydər Əliyevə "Azərbaycan sizin sözünüzü gözləyir" adlı tarixi müraciət etdilər. Ulu Öndərin bu müraciətə 1992-ci il 24 oktyabr tarixli cavabı da “Səs” qəzetində dərc olundu. Heydər Əliyevin "Yeni, müstəqil Azərbaycan uğrunda" başlıqlı tarixi cavabı beş bənddən ibarət idi. Bu müraciətdə həm Azərbaycanın düşdüyü mürəkkəb vəziyyət, həm də çıxış yolları göstərilirdi. Ulu Öndər ölkəni fəlakətdən, dağılmaqdan qurtarmaq üçün birinci atəşkəsə nail olmaq, ikinci fundamental iqtisadi platformaların həyata keçirmək, üçüncü qanunların aliliyini rəhbər tutmaq, insan hüquqlarının qorunmasını təmin etmək, dördünücü dövlət idarəçiliyində kadrların yerləşdirilməsində bacarıqlı kadrlara üstünlük vermək, milli dövlətin yaranması və güclənməsi prosesində siyasi mənsubiyyəti kənara qoymaq, beşinci dövlətçiliyimizə qarşı yönəlmiş dağıdıcılıq meyillərinə son qoymaq və Azərbaycanımız uğrunda dini və etnik mənsubiyyəti kənara qoymaq və Azərbaycançılıq ideyası uğrunda birləşməyi vacib hesab edirdi. Çox təəssüflər olsun ki, bu konsepsiyaya əməl edən lider yox idi. Ona görə də xalqın təkidi ilə Heydər Əliyev hakimiyyətə gəldi. O, Azərbaycan vətəndaşına Vətəni sevməyi, milli kimliyini, milli mənsubiyyətlə fəxr etməyi öyrətdi".

Bəhruz Quliyev deyib ki, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var: "Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Onun irsini davam etdirən, dünyada ən yenilikçi lider kimi, Qalib Sərkərdə kimi adını qızıl hərflərlə tarixə yazan müzəffər Ail Baş Komandan İlham Əliyev isə Azərbaycan xalqına tarixi zəfər yaşadıb. Məhz İlham Əliyev Xalqı "Qalib" statusuna qovuşdurub".


Paylaş