Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərlik etdiyi nümayəndə heyəti Tailand Krallığının Banqkok şəhərində təşkil olunan (“Global Sustainable Development Congress”) Qlobal Davamlı İnkişaf Konqresində iştirak edir.
Tailand Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən Konqresdə əsas məqsəd davamlı inkişaf problemlərinin təcili həll yollarını müzakirə etməkdir. Konqres həmçinin, dünyadakı aparıcı universitetlər və şirkətlər üçün təhsil, tədqiqat, innovasiya və təbliğat proqramları çərçivəsində qeyd olunan mövzu ilə bağlı sürətli nəticələr əldə etmək istiqamətində bir çağırışdır.
Qeyd edək ki, iyun ayının 10-dan 13-dək keçiriləcək Qlobal Davamlı İnkişaf Konqresində 100-dən artıq ölkədən 3 min iştirakçi - alimlər, innovatorlar, dövlət və özəl qurumların nümayəndələri, o cümlədən ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak edirlər. 700-dən yuxarı dövlət və özəl qurumun qatıldığı Konqresdə 350 ekspert-spikerin məruzə ilə çıxışı nəzərdə tutulub.