×

Xəbərlər

Xəbərlər 11 Jun 2024
Biləsuvar Təhsil Kompleksinin şagirdləri ADNSU-da ekskursiyada olublar

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar. 

Şagirdlər əvvəlcə universitetdə Milli Qəhrəman Mübariz İbrahimovun abidəsini və Vətən müharibəsində qəhrəmanlıq zirvəsinə ucalmış ADNSU-nun məzun şəhidlərinin abidə kompleksini ziyarət ediblər, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. 

Sonra şagirlər ADNSU-nun Tarix muzeyini ziyarət edib və universitetə aid tarixi eksponatlarla tanış olublar. Məktəblilərə ali məktəbin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib.

Şagirdlər universitetin Mineralogiya muzeyini də ziyarət edib, burada qorunub saxlanılan müxtəlif növ eksponatlarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev şagirdlərə mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.

Universitetə səfər çərçivəsində şagirdlərin maraqla izlədikləri məkanlardan biri də Azİİ Elektron Kitab Evi olub. Şagirdlər tələbələrin burada səsbəst mütaliəsi və bilik əldə etməsi üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Universitetdən xoş təəssüratla ayrılan şagirdlərin bir neçəsi gələcəkdə ali təhsil üçün ADNSU-nu seçəcəyini deyiblər.


Paylaş