İyunun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gənclərin Anti-narkomaniya” İctimai Birliyinin dəstəyi ilə tələbələrlə maarifləndirici görüş keçirilib.
Görüşdə çıxış edən ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov mövzunun aktuallığı və gənclərin maarifləndirilməsi baxımından tədbirin əhəmiyyətini qeyd edib və görüş haqqında ümumi məlumat verib.
Görüşdə “Gənclərin Anti-narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı haqqında geniş təqdimatla çıxış edib. O, anti-narkomaniya təbliğatının aparılması istiqamətində görülən işlərdən, zərərli vərdişlərə qarşı aparılan mübarizənin əsas istiqamətlərindən danışıb və gənclərə öz tövsiyələrini verib.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.