17-28 iyun tarixlərində Qazaxıstanın Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin (Satbayev University) tələbəsi Nurulina Assel Maratovna Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təcrübədə olub.
Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin 1-ci kurs magistr tələbəsi olan Nurulina Assel ilkin təcrübəsini ixtisasına uyğun olaraq İTİF-in Cihaz mühəndisliyi kafedrasında keçib. Kafedranın müəllimləri tələbəyə elmi-tədqiqat sahəsində mövcud olan yeniliklər və tədris prosesi, tədrisə cəlb olunan müasir texnologiya haqqında ətraflı məlumat veriblər.
ADNSU ilə Satbayev Universiteti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən ölkəmizdə olan xanım tələbə təcrübə müddətində Azərbaycan Metrologiya İnstitutunda olub, oradakı laboratoriyalarla yaxından tanış olub. Həmçinin, ADNSU ilə Metrologiya İnstitutunun birgə layihəsi olan “AzMİ Akademiya”da olan tələbə daha sonra təcrübəsini Azərbaycan Standartlaşdırma İnstitutunda davam etdirib. Hər iki laboratoriyada əməkdaşlar təcrübəçiyə ətraflı məlumat verib yeniliklərlə tanış ediblər. Təcrübəsini uğurla başa vuran tələbə sonda sertifikatla təltif olunub.