İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Codeforfuture layihəsinin məzunlarının mükafatlandırma mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov layihənin gənclərin müxtəlif bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətindən danışıb, proqramı uğurla başa vuran məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Code For Future” layihəsinin rəhbəri Nəzrin Əliyeva layihənin tədris ilinin nəticələri haqqında məlumat verib, 2 semestrin statistikası və layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərdən danışıb.
Sonra layihənin 2 nəfər məzunu öz layihələri haqqında məlumat veriblər.
Sonda layihəni yüksək nəticələrlə başa vuran məzunlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Code For Future” layihəsi 2021-ci ildən etibarən ali təhsil müəssisələrində yuxarı kurs tələbələri ilə tədris aparır. Layihə universitetimizdə İT sahələri üzrə tədris alan 3 və 4-cü kurs tələbələrinə təşkil olunur. Layihənin əsas məqsədi junior səviyyəli mütəxəssislərin hazırlanmasıdır. Layihədə 3 sahə üzrə tədris aparılır. Bu il layihəndən 225 nəfər məzun olub.