İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov İngiltərənin Vorvik Universiteti ilə ikili diplom proqramı çərçivəsində təşkil edilən Yay Məktəbinə cəlb olunan tələbələrlə görüşüb.
Görüşdə dosent Vazeh Əskərov ikili diplom proqramı çərçivəsində təşkil edilən Yay Məktəbinin gənclərin bilik və bacarıqlarının inkişafında mühüm əhəmiyyətindən danışıb, proqramının ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacının təmin olunmasında öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. Həmçinin tələbələrin təhlükəsiz səyahəti, Vorvik Universitetində təhsil alan azərbaycanlı tələbələrin icması ilə ikili diplom proqramı tələbələrinin görüşünün təşviq olunması və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, səfər çərçivəsində İkili Diplom Proqramında təhsil alan 38 nəfər magistr tələbənin və 2 nəfər inzibati heyətin 30 iyun 4 avqust tarixlərində İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Yay Məktəbində iştirak etməsi planlaşdırılır.
33 gün davam edəcək Yay Məktəbi ərzində tələbələrə "WMG"-nin əcnəbi professor-müəllim heyəti tərəfindən "Energy Systems Integration" və "UK Renewable Energy Sector" modulları tədris olunacaq. Həmçinin, Yay məktəbi dövründə tələbələr Böyük Britaniyada günəş paneli tarlaları və külək turbinlərinin istismarı zonaları da daxil olmaqla aparıcı bərpa olunan enerji bölgələrinə, həmçinin sahə ilə əlaqəli şirkətlərə baş çəkməklə real sektordakı tendensiyalar barədə ən son məlumatları alacaq, yeni çağırışlar və perspektivlərlə bağlı daha əhatəli baxış bucağı əldə edəcəklər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.