Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Onişenko ilə görüşüb.
Universitetlər arasında əməkdaşlıq istiqamətlərinin və perspektivlərin müzakirə olunduğu görüşdə birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.
ADNSU-nun rektoru, professor M.Babanlı universitetdə tədris üsulları, ixtisaslar, beynəlxalq əməkdaşlıq, əcnəbi tələbələr və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında geniş məlumat verib. Universitetdə əcnəbi tələbələr arasında Ukraynalı tələbələrin hər zaman çox olduğunu deyən rektor, professor M.Babanlı bundan sonra da tələbə mübadiləsi sahəsində geniş əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib və birgə layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bir sıra Avropa ölkələri ilə əməkdaşlıq edildiyini deyən Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetin rektoru V.Onişenko Azərbaycanda da ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Hər bir tələbənin digər mədəniyyətləri və tədris üsullarını görüb öyrənməli olduğunu qeyd edən V.Onişenko bu baxımdan Ukraynalı tələbələrin ADNSU-da öyrənməli olduğu keyfiyyətlərdən danışıb.
Təmsil etdiyi universitet haqqında məlumat verən V.Onişenko ADNSU ilə hər cür əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.