İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” mərasimi keçirilib.
Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları “SABAH” məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev “SABAH” qruplarının nailiyyətlərindən söz açıb.
Ardınca isə “SABAH”ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi “SABAH” açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.
Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar təltif olunublar.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun SABAH qruplarından 2 nəfər fəxri məzunu ƏliyevaLəman Mirzə qızını (Neft qaz mühəndisliyi ixtisası) və Abdullayeva Aytac Yusif qızını (Süni intellekt ixtisası) sertifikatla təltif edib.
Təltifetmə mərasimindən sonra “SABAH qrupları – 2024” mövzusunda videoçarx nümayiş olunub.
Mərasimin sonunda “SABAH” qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub. ADNSU-nun “SABAH” qruplarını bakalavriat səviyyəsi üzrə 167 bakalavr, magistratura səviyyəsi üzrə isə 19 tələbə bitirib.