Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ASOIU) ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında magistratura səviyyəsində həyata keçirilən “Bərpa olunan enerji mənbələri” üzrə beynəlxalq İkili Diplom Proqramının 2024/2025-ci tədris ili üzrə təhsil alan tələbələri üçün İngiltərədə təşkil edilən yay məktəbi çərçivəsində daha bir önəmli ekskursiya baş tutub.
6 avqust 2025-ci il tarixində tələbələr “UK Renewable Energy Sector” fənn bloku üzrə nəzərdə tutulmuş dörd ekskursiyadan biri kimi "Hockerton Dayanıqlı Kənd" layihəsi çərçivəsində sahə ziyarəti həyata keçiriblər.
Ekskursiyanın əsas məqsədi tələbələrin bərpa olunan enerji texnologiyalarının real tətbiqi ilə tanış olması, həmçinin dayanıqlı yaşayış modelləri barədə praktiki bilik və təcrübə qazanması olub.
"Hockerton Dayanıqlı Kənd" layihəsi Böyük Britaniyada ekoloji baxımdan dayanıqlı kənd modeli kimi tanınır. Layihə çərçivəsində kəndin enerji ehtiyacları tamamilə bərpa olunan enerji mənbələri – günəş, külək və biokütlə vasitəsilə təmin edilir. Evlər enerjiyə qənaətli texnologiyalarla təchiz olunmuş, tullantıların azaldılması və su istehlakının effektiv idarə olunması istiqamətində xüsusi sistemlər tətbiq edilmişdir.
Layihənin əsas məqsədi karbon emissiyalarını minimuma endirmək, enerji tələbatını azaltmaq, ətraf mühitə təsiri minimuma endirilmiş yaşam tərzi yaratmaq və ictimaiyyətin iqlim dəyişikliyi mövzusunda məlumatlılığını artırmaqdır.
Tələbələr bu ziyarət zamanı dayanıqlı enerji sistemlərinin layihələndirilməsi, idarə olunması və tətbiqi ilə bağlı real nümunələri müşahidə etmiş, layihənin rəhbərləri ilə fikir mübadiləsi apararaq geniş məlumat əldə etmişlər.
Qeyd edək ki, yay məktəbi çərçivəsində keçirilən bu kimi səfərlər tələbələrin nəzəri biliklərini praktika ilə birləşdirməsi və gələcəkdə enerji sahəsində mütəxəssis kimi yetişmələri baxımından əhəmiyyətli rol oynayır.