×

Xəbərlər

Xəbərlər 07 Aug 2025
ADNSU-nun nümayəndələri Xaçmazda keçirilən “Bootcamp”da iştirak ediblər

6-7 avqust tarixlərində Xaçmaz rayonunda kənd təsərrüfatı sahəsində süni intellektin tətbiqinə dair təşkil olunan “Bootcamp” tədbirində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru. dosent Elviz İsmayılov və Kompüter mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Rasim Nəhmədli iştirak ediblər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi aqrar sahədə rəqəmsal texnologiyaların və süni intellektin tətbiqini təşviq etmək, gənc mütəxəssislərin bu sahədə bilik və bacarıqlarını artırmaq, universitetlərlə kənd təsərrüfatı sektorunu bir araya gətirmək olub.

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində təşkil olunan “Bootcamp”da dos. Elviz İsmayılov “Universitetlərdə innovativ mühitin rolu və green-tech” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı o, universitetlərin elmi-texniki potensialının aqrar sektorda dayanıqlı inkişaf və rəqəmsal transformasiya üçün necə səfərbər edilə biləcəyinə dair nümunələr və təkliflər təqdim edib.

Tədbir çərçivəsində iştirakçılar kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi və digər istiqamətlər üzrə fəaliyyət göstərən aparıcı özəl şirkətlərin təcrübəsi ilə yaxından tanış olublar. Proqram çərçivəsində həmçinin universitetlərdə seminarlar keçirilib, aqroparklar və iri təsərrüfatlara informasiya turları təşkil olunub.


Paylaş