Avqustun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) abituriyentlər və valideynlər üçün növbəti “Açıq qapı günü” təşkil olunub. Tədbirdə universitetin rektoru, dosent Rüfət Əzizov, prorektorlar, fakültə dekanları, struktur bölmə rəhbərləri, gələcək tələbələr və onların valideynləri iştirak ediblər.
Görüş zamanı tələbə adını qazanmış abituriyentləri təbrik edən rektor, dosent Rüfət Əzizov ADNSU-nun tarixi, yetişdirdiyi mütəxəssislər, məzunların ölkə sənayesinin inkişafına verdiyi töhfələr barədə məlumat verib.
O, universitetdə fəaliyyət göstərən fakültələr, tədris olunan ixtisaslar və tədris proqramları haqqında danışaraq bildirib ki, bu gün ADNSU-nun beynəlxalq əlaqələri də yüksək səviyyədədir. Hazırda 25 ölkədən 300-ə yaxın əcnəbi tələbə universitetdə təhsil alır. ADNSU-nun 30 ixtisasından 15-i beynəlxalq akkreditasiyadan keçib.
Abituriyentlər və valideynləri qarşısında təqdimatla çıxış edən dosent Rüfət Əzizov onların diqqətinə çatdırıb ki, ADNSU dövlət universitetləri arasında məzunların məşğulluq göstəricisinə görə birinci yerdədir. Onun sözlərinə görə, universitetin sənaye müəssisələri ilə geniş əməkdaşlığı əmək bazarının tələblərinin öyrənilməsinə, tələbələrin uğurlu təcrübə keçməsinə və məzun olduqdan dərhal sonra işlə təmin olunmasına şərait yaradır.
Daha sonra rektor təhsillə bağlı abituriyentlərin suallarını cavablandırıb və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.
“Açıq qapı günü” çərçivəsində abituriyentlər ADNSU-nun Tarix Muzeyi, Mineralogiya Muzeyi, müasir laboratoriyaları və kompüter otaqlarını gəzərək univerditetlə daha da yaxından tanış olublar.