Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) mühəndislik sahəsindəki lider mövqeyini növbəti dəfə təsdiqləyib. Azərbaycan Mühəndislər Birliyi tərəfindən həyata keçirilən “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramı çərçivəsində təşkil olunmuş imtahanların nəticələrinə əsasən, ADNSU ölkənin ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi elan edilib.
Universitet 98 nəfərlik iştirakçı sayı ilə birinci yeri tutub və 83.3 faiz orta nəticə göstərib. İkinci yerdə 75.1 faiz nəticə ilə Bakı Mühəndislik Universiteti (29 iştirakçı), üçüncü yerdə isə 72.2 faiz nəticə ilə Bakı Dövlət Universiteti (17 iştirakçı) qərarlaşıb.
Qiymətləndirmə zamanı təkcə imtahan nəticələri deyil, hər bir universitetin proqramda iştirak edən tələbələrinin ümumi payı da nəzərə alınıb. Bu iki göstəricinin balanslı şəkildə birləşdirilməsi ilə hesablanan yekun nəticələrə əsasən, ADNSU birinci yeri qazanaraq mühəndislik təhsilindəki güclü akademik bazasını və tələbələrinin yüksək intellektual səviyyəsini bir daha nümayiş etdirib.
Qeyd edək ki, proqramda ADA, ADİU, AZMİU, AZTU, BANM, GDU, MAA, SDU və Xəzər Universiteti daxil olmaqla bir çox nüfuzlu ali məktəbin tələbələri iştirak edib. Lakin ADNSU tələbələrinin göstərdiyi yüksək nəticələr universitetin ölkə üzrə liderliyini təmin edib və tədris keyfiyyətinin bariz göstəricisinə çevrilib.
Bu uğur, ADNSU-nun mühəndislik sahəsində formalaşdırdığı güclü təhsil mühiti, tələbələrin bilik və bacarıqları, eləcə də universitet rəhbərliyinin verdiyi davamlı dəstəyin nəticəsidir.
Proqram çərçivəsində neft-qaz mühəndisliyi, proses kimyası, laboratoriya kimyası, proseslərin avtomatlaşdırılması, elektrik və energetika, qida mühəndisliyi və ekologiya mühəndisliyi sahələrində intensiv tədris aparılıb. İştirakçılar iki aylıq kurs müddətində həm nəzəri bilik, həm də praktiki bacarıqlar əldə ediblər.