Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH qruplarının III kurs tələbəsi Turan Mütəllimovun “Kəpənəyin gündəliyi” adlı kitabının təqdimatı keçirilib. Universitetin kitabxanasının oxu zalında keçirilən təqdimat mərasimində ADNSU-nun Tədris İşləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Ümumi işlər üzrə prorektor Fariz Mustafayev, Mühəndis və Kompüter qrafikası kafedrasının müdiri, professor İbrahim Həbibov, eləcə də professor və müəlim heyəti və tələbələr iştirak edib.
Tədbiri açıq elan edən “Mühəndis və kompüter qrafikası” kafedrasının müdiri, professor İbrahim Həbibov oxu zalında bu zamana qədər bir çox tədbirlərin və konfransların keçirildiyini, lakin universitet tələbəsinin kitabının təqdimat mərasiminə ilk dəfə yığışıldığını qeyd edib. Təhsil aldığı ixtisasdan əlavə, gənc yazarın həm də böyük fantaziyası və yazıb, yaratmaq bacarağı olduğunu deyən prof. İ.Həbibov kitab haqqında düşüncələrini bildirib.
Daha sonra iştirakçılar gənc yazarın istedadından, yaradıcılıq potensialı və yüksək fantaziyasından söz açıb, kitabın fəlsəfi və eyni zamanda tərbiyəvi əhəmiyyətini qeyd ediblər. Professor və müəllim heyəti “Kəpənəyin gündəliyi” kitabının geniş oxucu kütləsi toplayacağına inandıqlarını bildirib və gənc yazardan kitabın davamını görmək istədiklərini deyiblər. Sonda iştirakçılar T.Mütəllimova ürək sözlərini çatdırıb və ona bol yaradıcılıq uğurları arzulayıblar.