×

Xəbərlər

Xəbərlər 16 Sep 2024
ADNSU ilə QS arasında müqavilə imzalanıb

Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla görüşüb. 

ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aysel Kərimlinin də iştirak etdiyi görüşdə ADNSU-nun 2024-cü il QS reytinqindəki uğurunlarından bəhs olunub. Dosent Vazeh Əskərov diqqətə çatdırıb ki, universitet qarşıdakı yaxın illərdə təhsil və tədrisin yüksəldilməsi, müasir təhsil sisteminin daha da inkişaf etdirilməsi, eyni zamanda elmi nailiyyətlərin əsaslı şəkildə yenilənməsi istiqamətində qazanılan uğurlar sayəsində həm də QS reytinqində daha da ön sıralarda qərarlaşmağı hədəfləyib. 

Sergey Xristolyubov ADNSU-nun beynəlxalq reytinq sıralamasında, o cümlədən QS reytinqində sürətlə ön sıralarda qəralaşmasının təqdirəlayiq olduğunu deyib. O, bildirib ki, 2024-cü il üçün QS Dünya Universitetlərinin Reytinq Sıralamasında ADNSU 1201-1400-cü yerdə idisə, 2025-ci il üçün dünyada 1001-1200-cü yerdə, Azərbaycanda isə 2-ci yerdə qərarlaşıb. Həmçinin, ADNSU məşğulluq göstəricisinə görə dünyada TOP-500-də yer alıb. 

Görüşdə o da diqqətə çatdırılıb ki, xüsusilə son iki il ərzində ADNSU akademik göstəricilərdə böyük fərqlə irəliləməklə diqqət çəkib. Belə ki, ötən illə müqaisədə beynəlxalq səsvermə əmsalına görə 3 dəfə artıq nəticə əldə olunub. 

Qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə keçən görüşün hüquqi nəticəsi olaraq tərəflər arasında növbəti 5 il üçün əməkdaşlıq müqaviləsi imzalanıb. 


Paylaş