×

News

News 26 Sep 2024
ADNSU tələbələri “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak edirlər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2 nəfər tələbəsi- Sübhan İbadov (İnformasiya texnologiyaları və idarəetmə fakültəsi) və Səbirə Nağızadə (Geoloji kəşfiyyat fajkültəsi) “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak edirlər. 

DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi 15 mart 2024-cü il tarixindən başlayan Tələbələrin Akselerasiya Proqramı (TAP) üzrə layihəsində 20-yə yaxın universitetin tələbə və məzunları, həmçinin peşəkar təlimçilər və layihə komandası iştirak edirlər. Layihə çərçivəsində müxtəlif mövzularda fokus qrup görüşləri, mentorluq istiqamətində görüşlər, şəbəkələşmə görüşləri keçirilib.

Motivasiya və sosiallaşma xarakteri daşıyan görüşlərdə müxtəlif interaktiv və intellektual oyunlar keçirilib, həmçinin peşəkar bacarıqların inkişafı proqramı üzrə iştirakçılar arasında komandada effektiv işləmə mövzusunda ünsiyyət, əməkdaşlıq, şəxslərarası münasibətlər, təşkilatçılıq bacarıqları, emosional intellekt, analitik düşüncə, konfliktlərin idarə olunması kimi müxtəlif bacarıqların aşılanması istiqamətində interaktiv tapşırıqlar həyata keçirilib.

Layihənin növbəti mərhələsində əlilliyi olan gənclər üçün təcrübə və iş imkanlarının yaradılması istiqamətində işəgötürənlərə məktubların ünvanlanmasına, təcrübə, təlim imkanlarının, qarşılaşdıqları çətinliklərin sorğulanması işlərinə başlanılıb. 

Sorğuda maraqlı olan müəssisələr ilə görüşlər keçirilir, layihənin əhəmiyyəti, məqsədləri və rolu barədə ətraflı məlumat verilir, onlar tərəfindən təklif olunan vakant iş yerləri, təcrübə və təlim imkanları barədə müzakirələr aparılır.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından icrasına başlanılan layihə UNICEF-in Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən həyata keçirilir. Məqsəd əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun əmək bacarıqlarına yiyələnmələrinə, məşğulluq imkanlarının artırılmasına, müvafiq təcrübə imkanlarının yaradılmasına dəstək verməkdir.


Share