Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2016-2017-ci tədris ilində bakalavr pilləsi üzrə Dövlət Attestasiya Komissiyasının (DAK) sədrləri və üzləri ilə görüş keçirilib. Görüşdə attestasiya imtahanlarının təşkili, məzunların buraxılış işləri və onların hazırlıq dərəcəsinin təhsil standartlarının və ölkənin müasir iqtisadiyyatının tələblərinə uyğunluğunun qiymətləndirilməsinə dair müzakirələr aparılıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı 2016-2017-ci tədris ilinin yekunları, universitetdə aparılmış işlər barədə toplaşanlara məlumat verib. Rektor M.Babanlı ötən tədris ilində bakalavriatura üzrə məzunların sayının 1637 nəfər təşkil etdiyinə baxmayaraq yeni tədris ilində ali məktəbə qəbul olanların sayının 2620 nəfər olduğunu, tələbələrin sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq universitet üzrə orta qəbul balının yüksələrək 439-a çatdığını aparılan işlərin nəticəsi olaraq qiymətləndirib. Respublika üzrə I ixtisas qrupu imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərin 292 nəfərinin, 500-dən yuxarı bal toplayan gənclərin isə təqribən 950 nəfərinin ADNSU-nu seçdiyini qeyd edən rektor, professor M.Babanlı bunun tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı ali məktəbin üzərinə böyük məsuliyyət qoyduğunu nəzərə çatdırıb. Rektor M.Babanlı ADNSU-da fəaliyyət göstərən Azİİ-İT-Club, “eazi START” Startap və İnnovasiya Mərkəzi, ixtisasların akkreditasiyası, tələbələrin istehsalat təcrübəsi keçməsi, universitetin Məzun Karyera Mərkəzinin fəaliyyəti haqqında toplaşanlara məlumat verməklə yanaşı problemlərin də mövcudluğunu və bunlarla bağlı DAK sədrlərinin fikirlərini dinləmək istədiyini söyləyib. DAK sədrlərindən Elçin Abbasov, Novruz Abdullayev, Oqtay Əfəndiyev, Eldar Bağırov və digərləri çıxış edərək 2016-2017-ci il tədris ilinin yekunları ilə bağlı buraxılış işlərinin səviyyəsinin, tələbələrin təqdimat etmə bacarıqlarının yüksəldiyini qeyd ediblər. Onlar universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi və iqtisadiyyatın tələblərinə uyğun şəkildə qurulması istiqamətində aparılan işləri yüksək qiymətləndiriblər. Bununla yanaşı DAK sədrləri buraxılış mövzularının daha konkret və ixtisasa uyğun olmasının, eləcə də tələbələrin İT biliklərinin daha da artırılmasının əhəmiyyətini qeyd ediblər. ADNSU-nun rektoru, professor M.Babanlı DAK sədrlərinə verilən təkliflərlərlə bağlı təşəkkürünü bildirib və qeyd edib ki, universitet qaldırılan məsələlərin həlli üzərində işləyir, lakin bu istiqamətdə işlərin sürətləndirilməsi üçün görüşdə iştirak edən və eyni zamanda ayrı-ayrı idarə və müəssisələri təmsil edən DAK sədrlərinin də dəstəyinə ehtiyac olduğunu nəzərə çatdırıb. Sonda rektor M.Babanlı DAK sədrlərinə görüşdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib və ADNSU-nun dünya standartlarına uyğun təhsil verməsi üçün səylərin davam etdiriləcəyini vurğulayıb.