Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan SAVAT Federasiyasının yığıncağı keçirilib.
Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, SAVAT Federasiyasının prezidenti Rafiq Əliyev, Millət vəkili Mircəlil Qasımlı və federasiyanın üzvləri iştirak ediblər.
Öncə Azərbaycan SAVAT Federasiyasının prezidenti Rafiq Əliyev SAVAT idman növü, federasiyanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. SAVAT idman növü üzrə azərbaycanlı gənclərin qazandığı uğurlardan danışan R.Əliyev idmançılarımızın qazandığı uğurların əsasında davamlı birgə gərgin əmək və əzmkarlığın dayandığını deyib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tədbir iştirakçılarını salamlayaraq öncə önları qazandıqları qələbə münasibəti ilə təbrik edib. Azərbaycanda gənclərin sağlam, eyni zamanda savadlı formalaşması üçün həyata keçirilən genişmiqyaslı dövlət proqramlarından danışan dosent Vazeh Əskərov bu gün qazanılan uğurun illər öncə əsası qoyulan sağlam təməlin nəticəsi olduğunu deyib. O, əlavə edib ki, 4 il əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında Azərbaycan Ordusunun qazandığı tarixi zəfər idman yarışlarında da gənclərimiz üçün böyük stimul olub. Bu gün idmançılarımızın dünyanın hansı ölkəsində yarışmasından asılı olmayaraq qalib xalqın nümayəndəsi kimi təmsil olunurlar və hörmtlə qarışlanırlar.
Millət vəkili Mircəlil Qasımlı gənclərin sağlamılığının önəmindən danışıb və bildirib ki, gənclərin hansı peşə ilə məşğul olmasından asılı olmayaraq öncə pis vərdişlərdən uzaq olmalı, idmançılar isə öz qalibiyyətlərini sağlam məşq və bunun nəticəsi üzərində qurmalıdırlar. Təbii ki, belə olan halda qələbə də qaçılmazdır. Ölkəmizdə idmanın kütləviləşməsi prosesindən danışan millət vəkili qeyd edib ki, nəinki paytaxt və ətraf rayonlarda, bu gün ucqar rayonlarımızda da idmana ciddi maraq var və uğurlu gənclərin sayı artmaqdadır.
Sonra Fedarasiayanın hakimləri və müəllimlər qazandıqları uğurlardan və qarşıdakı hədəflərindən danışıblar və qarşıdan gələn Dünya çempionatında Azərbaycan bayrağını uca zirvələrdə dalğalandıracaqlarına əminliklərini ifadə ediblər.
Yığıncaqda idamançılar da öz təəssüratlarını, yarış zamanı keçirdikləri hiss və həyacanlarını iştrakçılarla bölüşüblər.
Sonda federasiyanın uğurlarında xidmətləri olan əməkdaşlar və idmançılar “Fəxri Fərman” la təltif olunublar.