Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Daşkənd Dövlət Texniki Universiteti (DTU) və Daşkənd Kimya-texnologoya İnstitutunda olublar.
Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “Sənayenin avtomatlaşdırılması üçün intellektual sistemlər” üzrə 13-cü Beynəlxalq konfransda iştirak üçün rəsmi səfərdə olan ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının professoru Kəmalə Əliyeva və doktorant Şamil Əhmədov Daşkənd Texniki Universiteti və Daşkənd Kimya-texnologoya İnstitutunun elmi işlər üzrə prorektorları, Daşkənddə yerləşən müxtəlif ali təhsil müəssisələrinin ixtisasartırma keçən professor-müəllim heyəti, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və QS reytinqinə məsul şəxslərlə görüşlər keçiriblər.
Professor Lətafət Qardaşova DTU-nun “Müəllimləri təkmilləşdirmə mərkəzi”nə dəvət olunub. Müxtəlif ali məktəblərin müəllimlərinin iştirak etdiyi görüşdə o, UFAZ-ın (Azərbaycan-Fransız Universiteti) bakalavr, magistratura və doktorantura təhsil səviyyələri üzrə ixtisasları, laboratoriyaları haqqında və magistratura səviyyəsində “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə İngiltərənin Vorvik Universiteti ilə ikili diplom proqramı iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə iştirak edən Daşkənd şəhərində yerləşən universitet və institutların əməkdaşlarının ikili diplom proqramları haqqında suallarını cavablandırıb.
Görüşlər zamanı həmçinin, gələcəkdə birgə elmi layihələr, tələbə-müəllim mübadiləsi proqramlarına dair, QS ekspertləri ilə iş aparılması haqqında müzakirələr aparılıb. Həmçinin, Daşkənd Kimya-texnologoya İnstitutunun (DKYİ) “Qida mühəndisliyi” ixtisası üzrə ADNSU-DKTİ online görüşlərin təşkili, laboratoriyalardan birgə istifadə, fənlərin tədrisində elmi tədqiqat nəticələrindən istifadə, süni intellektin kimya, mühəndislik sahələrində tətbiqi üzrə birgə tədqiqatların aparılmasına dair məsələlər müzakirə olunub.
Professor Kəmalə Əliyeva “Avtomatika və elektronika” kafedrasının laboratoriya otaqlarında olub və mövcud şəraitlə tanış olub. Adıçəkilən kafedrada tələbələr üçün ixtisasa uyğun dərnəklər təşkil olunur. Bu dərnəklərdə tələbələr laboratoriya dərslərinə müvafiq fiziki modellər hazırlayırlar.
Görüşlərdə qarşı tərəflər də öz növbəsində ADNSU-nun elm və təhsil sahəsində uğurlarını, reytinq göstəricilərini yüksək qiymətləndiblər və ADNSU ilə mövcud əlaqələrin daha da genişləndiriləcəyini və əldə olunan təcrübələrdən istifadə ediləcəyini diqqətə çatdırıblar.