Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir” Tələbə-Könüllü Proqramının birinci kurs tələbələri üçün təqdimatı davam edir.
Təqdimatda çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “Bir” Tələbə-Könüllü Proqramının təqdimatının gənclər üçün əhəmiyyətindən danışıb və tələbələri proqramda fəal iştirak etməyə səsləyib.
Proqramın meneceri Canoğlan İlyasov “Bir” Tələbə-Könüllü Proqramının yaranması, fəaliyyəti, məqsədi, üstünlükləri və gənclər üçün yaratdığı imkanlar haqqında tələbələrə ətraflı məlumat verib. Tədbirdə “Bir” Tələbə-Könüllü Proqramının təqdimatına aid videoçarx nümayiş olunub. Daha sonra proqramın universitetdəki koordinatorları öz təcrübələrini bölüşüblər. Sonda tələbələr üçün əyləncəli viktorinalar keçirilib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.