Dekabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə İcbari Tibbi Sığorta Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Sevil Əliyeva tibbi sığorta haqqında ümumi məlumat verib, sığorta haqları, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər, dövlət (TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları) və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası, həmçinin agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı və sağlam həyat tərzinin təbliği barəsində təqdimatla çıxış edib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Sumqayıt və yaxın regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi, onların icbari tibbi sığortaya əlçatanlığının təmin edilməsinə yardımçı olmaq, onları icbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə məlumatlandırmaqdır.