Dekabrın 11-də Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları ilə birlikdə beynəlxalq nüfuzun gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq reytinqlərdə iştirakın əhəmiyyəti, bu prosesin ali təhsil müəssisələri, o cümlədən ADNSU və akademik mühit üçün yaratdığı imkanlar və dəstəkləmə yolları müzakirə olunub.
Tədbirdə çıxış edən Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Əliyev çıxış edərək belə tədbirlərin elmi nailiyyətlərin yüksəldilməsində, o cümlədən əməkdaşlıq əlaqələrinin genişləndirilməsindəki rolundan danışıb. Tədbirdə ADNSU-nun layihələr üzrə meneceri Elmar Quliyev və beynəlxalq layihələr üzrə menecer Orxan Nəbiyev təqdimatla çıxış edərək beynəlxalq reytinqlərdə iştirakın universitetlərarası əməkdaşlığın və elmi nailiyyətlərin genişlənməsində, o cümlədən akademik mübadilələrin artırılmasındakı əhəmiyyətindən danışıblar.
Təqdimatda Geologiya və Geofizika İnstitutunun əməkdaşları və gənc tədqiqatçıları da iştirak edərək mövzu ətrafında müzakirələr aparıblar və əməkdaşlıq üçün yeni ideyalar irəli sürüblər.