Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış və magistr dissertasiya işlərinin strukturu və onlara qoyulan tələblərlə bağlı yaradılan komissiyanın iclası keçirilib.
İclasda komissiyanın sədri, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, üzvlər - Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Elm və texnika işləri üzrə prorektor, dosent Rauf Əliyarov, Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyevin iştirakı ilə ADNSU-nun Elmi Şurasının 28 aprel 2016-cı il tarixli iclasında istifadə üçün qəbul edilmiş “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr buraxılış işlərinin və magistrlik dissertasiyalarının tərtibat qaydaları, müdafiəsinin təşkili üzrə metodiki göstərişlər”ə əlavə və dəyişikliklər müzakirə edilib. Buraxılış və magistr dissertasiya işlərinin strukturu və onlara qoyulan tələblərin aşağıdakı kimi qəbul olunması ADNSU Elmi Şurasına tövsiyə olunub.
Buraxılış işinin strukturu
Titul vərəqi - 1 səh.
Referat (azərbaycan, rus və ingilis dillərinin hər birində 1 səh.) - 3 səh.
Mündəricat - 1 səh.
Giriş - 1-3 səh.
Problemin müasir vəziyyəti, aktuallığı, məqsədi, işin elmi, metodiki və yaxud referativ-analitik yönümlü olmasından asılı olaraq yeniliyi şərh edilməlidir.
Fəsillər (minimum 25 səhifə*, maksimum 30 səhifə):
1. Ədəbiyyat icmalı (son 15 ilin nəşrləri üzrə) - 10 səhifəyə qədər (Fəsil 1).
Ədəbiyyat icmalında buraxılış işinin mövzusu üzrə ədəbiyyat müqayisəli təhlil olunmalıdır. Müvafiq ədəbiyyat akademik (elmi) jurnal məqalələri və dərsliklər ola bilər. Ədəbiyyatlarda baxılan problemlərlərin üstün və mənfi cəhətləri göstərilməli, icmal əsasında həll olunacaq məsələnin qoyuluşu formalaşdırılmalıdır.
2. Tədqiqat üsulları (Tədqiqat metodikaları) - 5-10 səh. (Fəsil 2).
Tədqiqat üsulları və ya metodikaları şərh edilməli, həll ediləcək problem üçün onların vacibliyi əsaslandırılmalı, müvafiq ideya və təklif verilməlidir.
3. Yerinə yetirilən işin nəticələri - 10-15 səh. (Fəsil 3).
Kompüter simulyasıyası, proseslərin modelləşdirilməsi, hesablamaların nəticələri və onların analizi aydın, müasir elmi-texniki dildə verilməlidir.
4. Nəticə - 1 səhifə (nömrələmə, vaciblik dərəcəsinə görə).
5. İstifadə olunan ədəbiyyat.
Xarici mənbələrin mütləq daxil olması şərtilə son 15 il üzrə ədəbiyyat (1-3 ədəd istənilən nəşr ilinə istinad, istifadə olunan ədəbiyyatın 50 faizi ingilis dilində olmaqla). Ədəbiyyat siyahısında elmi və ya elmi-metodik saytlar da öz əksini tapa bilər.
*Kompüter elmləri ixtisası üzrə minimum 17 səhifə
Magistr dissertasiyasının strukturu
Titul vərəqi - 1 səh.
Referat (azərbaycan, rus və ingilis dillərinin hər birində 1 səh.) - 3 səh.
Mündəricat - 1-2 səh.
Giriş - 4-6 səh.
Problemin müasir vəziyyəti, aktuallığı, tədqiqatın yeniliyi, tədqiqatın məqsədi şərh edilməlidir.
Fəsillər (minimum 60 səhifə*, maksimum 75 səhifə):
1. Ədəbiyyat icmalı (son 15 ilin nəşrləri üzrə) - 15 səhifəyə qədər.
Ədəbiyyat icmalında magistr dissertasiyası mövzusu üzrə ədəbiyyat müqayisəli təhlil olunmalıdır. Müvafiq ədəbiyyat akademik (elmi) jurnal məqalələri və dərsliklər, monoqrafiyalar, dissertasiyalar ola bilər. Ədəbiyyatlarda baxılan problemlərlərin üstün və mənfi cəhətləri göstərilməli və əsaslandırılmalıdır. İcmal əsasında həll olunacaq məsələnin vacibliyi müəyyənləşdirilməli və məsələnin qoyuluşu formalaşdırılmalıdır.
2. Tədqiqat metodları - 15 səhifəyə qədər.
Tədqiqat metodları şərh edilməli, həll ediləcək problem üçün onların vacibliyi əsaslandırılmalı, müvafiq ideya və təklif verilməlidir.
3. Eksperimental tədqiqatlar və ya proseslərin modelləşdirilməsi, hesablamaların nəticələri - 40 səhifəyə qədər.
Eksperimental tədqiqatlar, kompüter simulyasiyası, proseslərin modelləşdirilməsi, hesablamaların nəticələri və onların analizi aydın, müasir elmi-texniki dildə verilməlidir.
4. Nəticə - 1 səhifə.
Nömrələmə vaciblik dərəcəsinə görə aparılmalıdır.
5. İstifadə olunan ədəbiyyat.
Xarici mənbələrin mütləq daxil olması şərtilə son 15 il üzrə ədəbiyyat (1-5 ədəd istənilən nəşr ilinə istinad, minimum 30 ədəbiyyat - 50 faizi ingilis dilində olmaqla). Ədəbiyyat siyahısında elmi və ya elmi-metodik saytlar da öz əksini tapa bilər.
6. Dissertasiya işinin nəticələri heç olmazsa bir elmi məqalə və yaxud 2 konfrans materialında öz əksini tapmalıdır.
*Kompüter elmləri ixtisası üzrə minimum 40 səhifə