×

Xəbərlər

Xəbərlər 17 Dec 2024
ADNSU nümayəndə heyəti Hindistanda Beynəlxalq Təhsil Sammitində iştirak edib

10-12 dekabr tarixlərində “Times Higher Education (THE)” Beynəlxalq Reytinq Agentliyi tərəfindən Hindistanın Dehli şəhərində təşkil olunan "THE innovation and Impact" Beynəlxalq Təhsil Sammiti keçirilib. 35 ölkənin təmsil olunduğu və 200-ə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti - Karyera Məkzənin direktoru Günəş Övsətova  və  Xarici Tərəfdaşlarla Əməkdaşlıq üzrə mütəxəssis Çingiz Qarayev da iştirak edib.

Tədbir universitetlərarası əlaqələrin qlobal miqyasda genişləndirilməsini dəstəkləyən şəbəkələşmə imkanları, təhsil sistemində innovasiyalar və mövcud çatışmazlıqlarla bağlı müxtəlif panel müzakirələrlə keçirilib. Panel müzakirələrində “Qlobal Reytinqlər”, “Reytinqlərin təhsil siyasətinə təsiri”, “Akademik mükəmməllik və qlobal reytinqlərdə rəqabət”, “Ali təhsildə innovasiya və təsirinin ölçülməsi”, “Qlobal təsir üçün əməkdaşlıq: Tərəfdşlıqların gücləndirilməsi”  və s. kimi mövzular öz əksini tapıb.

Sammit çərçivəsində ADNSU-nun nümayəndə heyəti tərəfindən çoxsaylı universitetlərlə səmərəli görüşlər keçirilib. Danışıqların nəticəsi olaraq, universitetin qlobal arenada mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq təhsil məkanında innovativ tərəfdaşlıqlar qurulması istiqamətində növbəti ildən bir neçə xarici universitetlə əməkdaşlıq imkanlarının yaradılması nəzərdə tutulub.


Paylaş