×

Xəbərlər

Xəbərlər 24 Oct 2017
ADNSU-nun rektoru Rusiyanın “Filiz və metallar” nəşriyyat evinin şef-redaktoru ilə görüşüb

Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın “Filiz və metallar” (“Руда и металлы”) nəşriyyat evinin şef-redaktoru, iqtisad elmləri doktoru, Rusiya Coğrafiya Cəmiyyətinin üzvü Aleksandr Vorobyovla görüşüb.

Görüşdə Elm və texnika işləri üzrə prorektor, t.e.d. Rauf Əliyarov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov və "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, professor Sakit Rəsulov iştirak edib.

Rektor, professor Mustafa Babanlı A.Vorobyova universitetin tarixi, tanınmış məzunları haqqında məlumat verib, Azİİ-nin keçmiş SSRİ-də xarici ölkələr üçün mütəxəssis hazırlayan 3 əsas universitetdən biri olduğunu qeyd edib.

Universitetdəki tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr, Məzun Karyera Mərkəzi haqqında danışan rektor, prof. M.Babanlı qonağı “eazi START” Startap və İnnovasiya Mərkəzi, gündəlik təcrübə proqramı və başqa yeniliklər haqqında da məlumatlandırıb.

ADNSU-da elmin inkişafına xüsusi önəm verildiyini bildirən rektor, prof. M.Babanlı son 2 ildə magistrant və doktorantların sayının bir neçə dəfə artdığını bildirib. Prof. Mustafa Babanlı “Web of science” informasiya bazasına daxil olan məqalələrin sayında da ciddi artımın olduğunu Aleksandr Vorobyovun diqqətinə çatdırıb.

Səmimi qəbula görə, rektora minnətdarlığını bildirən “Filiz və metallar” nəşriyyat evinin şef-redaktoru A.Vorobyov Azİİ haqqında məlumatlı olduğunu və burada olmaqdan çox şad olduğunu deyib. Təmsil etdiyi qurum haqqında məlumat verən A.Vorobyov ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Sonda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanması haqqında razılıq əldə olunub.


Paylaş