Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. İclası açıq elan edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl “Elektromexanika” kafedrasının dosenti, Sabir Osmanova "ADNSU-nun əməkdar professoru" fəxri adının diplomunu təqdim edib və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Həmçinin, rektor prof. M.Babanlı bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” seçilən Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşovanı Elmi Şura adından təbrik edib.
İclasda tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2016/2017-ci tədris ilinə planlaşdırılmış akademik yükün yerinə yetirilməsi və 2017/2018-ci tədris ilinə professor-müəllim və tədris-köməkçi heyətinin ştatı barədə məlumat verib. Həmçinin, Dosent Qasım Məmmədov 2016/2017-ci tədris ilində bakalavr buraxılışı üzrə Dövlət Attestasiyasının nəticələri və magistrlik dissertasiyalarının müdafiələri haqqında məlumatları diqqətə çatdırıb.
Elmi Şuranın iclasında Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayevin illik hesabatı dinlənilib.
İclasda MBA Tədris proqramlarının təsdiqi, Məzun-karyera Mərkəzinin işinin qurulması, İngilis dilində tədris aparılan qruplarda tədrisin vəziyyəti, ADNSU alimlərinin və gənc tədqiqatçıların elmi fəaliyyətinin EİF-in dəstəyi ilə keçirilən layihələrdə iştirakının vəziyyəti, buraxılış işləri və magistr dissertasiyalarının strukturu barədə və s. məsələlər müzakirə olunub.