Dekabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gündəlikdə olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.
Gündəliyə uyğun olaraq ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verdikdən sonra Neft-mexanika fakültəsinin dekanı, dosent Əlihikmət Əhmədov fakültənin fəaliyyəti haqqında illik hesabat verib.
Tədris və təhsilin vəziyyəti, imtahanlara hazırlıqla bağlı məsələlərin müzakirə olunduğu iclasda dosent Vazeh Əskərov elmi nailiyyətlərin qənaətbəxş olduğunu bildirib. Universitetdə təkcə ixtisaslı kadr yox, vətənpərvər, layiqli vətəndaş yetişdirildiyini iclas iştirakçılarının diqqətinə çatdıran rektor əvəzi tədris zamanı nizam-intizam qaydalarına yüksək səviyyədə əməl olunmasının vacibliyini qeyd edib.
Əldə olunan nailiyyətlər, çatışmazlıqlar və görüləcək işlərdən danışan rektor əvəzi, dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, konkret tapşırıqlar verib.