Yanvarın 15-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində və onun nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keşmiş qəhrəman oğullarımıza həsr olunmuş “20 Yanvar Ümumxalq Hüzn Günü” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə 20 Yanvar hadisəsinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanışı olduğunu əks etdirən kitablar, salnamələr, fotolar, jurnallar, dövri mətbuat və digər materiallar yer alıb. Ümumilikdə sərgilərdə 88 eksponat yer alıb.
Sevinc Ədalətqızı “Rahimə Vətən ağlar”, “Yanvardan sonra çalınan “Vağzalı”, “Yanvar təlatümü”, “Qanlı yanvardan şanlı qələbəyə”, “Şəhid rejissor Azər Nəsiboğlu”, ”20 Yanvar qan yaddaşımız”, Səriyyə Müslümqızı “Qar üstündə qar yağırdı”, Sabir Əhmədli ”Yanvar hekayələri”, Qulu Kəngərli “Qara Yanvar şəhidləri,” Çapay Sultanov “İmperatorluğun son darbesi; Baku, 20 ocak,1990”, “ADNA-nın Yanvar şəhidləri, “20 Yanvar şəhidləri”, “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi” və bir çox kitablar sərgidə nümayiş olunub.
Sərgi yanvar ayının sonunadək davam edəcək.