Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Narkotiklərə Qarşı Təbliğat İB-nin təşkilatçılığı ilə “Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, İB-nin sədr müavini Leyla Yolçiyeva və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan prorektor, dosent A.Babayev tədbirin əhəmiyyətindən danışıb, insan alveri və əməyin istismarı ilə bağlı mübarizəyə dair gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Çıxış edən Narkotiklərə Qarşı Təbliğat İB-nin sədr müavini L.Yolçiyeva tədbirin məqsədini açıqlayıb, gənclərin hüquqlarının müdafiəsi, insan alveri və onunla mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, eyni zamanda insan alverinin qarşısının alınması sahəsində görülən tədbirlər haqqında ətraflı məlumat verib. Tədbirdə həmçinin, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, alver qurbanlarının müdafiəsi və onlara kömək göstərilməsinin hüquqi və təşkilati əsasları ilə əlaqədar maarifləndirici informasiya verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları paylanılıb.