Martın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) mühəndislik və kimya sahəsində aparıcı rəqəmsal tədqiqat platformaları olan Knovel və Reaxys-ə həsr olunmuş info-sessiya təşkil edilib. Tədbirin məqsədi universitetin akademik heyətini, gənc tədqiqatçıları, doktorant və dissertantları bu platformaların elmi araşdırmalarda effektiv istifadəsi ilə tanış etmək olub.
Tədbiri ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova açaraq universitetdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və beynəlxalq elmi bazalarla inteqrasiyanın vacibliyindən danışıb və gənc tədqiqatçılar, doktorant və dissertantları daha da fəal olmağa səsləyib.
Daha sonra Elm və Təhsil Analitik Mərkəzinin əməkdaşları Rəşad Şixiyev və Şamil Əhmədov təqdimatla çıxış edərək Knovel və Reaxys proqramları haqqında ətraflı məlumat veriblər. Sessiyada bu platformaların mühəndislik, kimya sahələrində elmi-tədqiqat işlərini necə dəstəklədiyi, həmçinin elmmetrik göstəricilərin təkmilləşdirilməsindəki rolu müzakirə olunub.
Qeyd edək ki, Knovel və Reaxys 2025-ci ilin yanvar ayından etibarən ASOIU və UFAZ tədqiqatçıları və tələbələri üçün əlçatandır. Bu kimi info-sessiyalar mütəmadi olaraq təşkil ediləcək və tədqiqatçılar üçün yeni imkanlar yaradacaq.