Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan və Qazaxıstanın qabaqcıl universitetlərinin rektorları iştirak ediblər.
“Dəyirmi masa” çərçivəsində təşkil edilən “Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusunda panel müzakirəsində "Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları: effektiv tətbiq və təsir strategiyaları", “Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi" və "Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması" mövzularında fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra hər iki ölkədən ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.
“Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Qazaxıstanın yeddi aparıcı ali təhsil müəssisəsi - Lev Qumilyov adına Avrasiya Milli Universiteti, Almata Menecment Universiteti, D.Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti, S.Amanjolov adına Şərqi Qazaxıstan Universiteti, Qızıl Orda Qorqud ata adına Universitet, Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti, Qaraqanda Buketov Universiteti arasında anlaşma memorandumları imzalanıb.