×

News

News 12 Mar 2025
ADNSU-da “Mədən sənayesində qadınların rolunun artırılması”mövzusunda seminar keçirilib

Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) Türkiyənin “TETHYS” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib. 

Seminardan öncə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov ADNSU-ya gələn Türkiyənin İstanbul Texniki Universitetinin professorları ilə görüşüb.

Qonaqları universitetdə salamlayan rektor, dosent Rüfət Əzizov ADNSU-nun beynəlxalq əməkdaşlıq əlaqələri və Türkiyə universitetləri ilə, eləcə də zəngin tarixə malik İstanbul Texniki Universiteti ilə potensial əməkdaşlıq imkanlarından danışıb. 

Azərbaycanda və qocaman ali təhsil müəssisələrindən olan ADNSU-da olmaqdan məmnun olduqlarını deyən qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsi haqqında, həmçinin “TETHYS” şirkəti haqqında ətraflı məlumat verib, universitet-sənaye iş birliyinin genişləndirilməsi, mədən sənayesi üzrə birgə tədqiqat işlərinin aparılması  və onlardan düzgün istifadənin təmin edilməsi istiqamətində görülə biləcək mümkün imkanlarda  söz açıblar. 

Seminarda spikerlər “TETHYS” şirkətinin sədri, Prof. Dr. Leyla Keser Berber, İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin dekanı Prof. Dr. Mustafa Kumral və Dos. Dr. Tuna Esen kritik xammal sahəsindəki son tendensiyalarla bağlı fikirlərini bölüşüb, müvafiq olaraq “Qlobal resurs təhlükəsizliyi tendensiyaları və dəyişən geosiyasi-iqtisadi şərtlərin mədən sənayesinə təsiri”, “Dayanıqlı təchizat zənciri strategiyaları, məsuliyyətli mədənçilik təcrübələri, dairəvi iqtisadiyyat modelləri və hasilat və emal sahəsində yeni innovasiyalar” və “Akademiyanın və beynəlxalq əməkdaşlığın mədən sahəsində yeni nəsil mütəxəssislərin hazırlanmasında və sahədə ixtisaslaşmış kadr potensialının gücləndirilməsindəki rolu” mövzuları üzrə çıxış ediblər. 

Seminarda həmçinin, ADNSU-nun Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, professor Yunis Qəhrəmanlı, Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının müdiri, professor Zərifə Əfəndiyeva panel müzakirələrdə çıxış edərək mövcud çağırışlar və həlli yolları haqqında bilik və təcrübələrini bölüşüblər. 

Seminarın əsas məqamlarından biri İstanbul Texniki Universitetinin Mədən Fakültəsi və ADNSU arasında akademik əməkdaşlığın gücləndirilməsi, ortaq tədqiqat layihələri və tələbə mübadilə proqramlarının genişləndirilməsi olub. Həmçinin, məsuliyyətli resurs təminatının vacibliyi, sektorun geosiyasi dəyişiklikləri və akademiyanın mədənçiliyin gələcəyini formalaşdırmadakı rolu müzakirə olunub.

Seminar, aparıcı akademiklər, sənaye ekspertlərini və siyasətçiləri bir araya gələrək mədənçilik sahəsində regional əməkdaşlığın gücləndirilməsi  və kritik  xammala olan qlobal tələbatın artdığı bir dövrdə, təhlükəsiz, dayanıqlı və etik təchizat zəncirinin təmin edilməsi barədə fikrilərini səsləndirib, müzakirə aparıblar. 

Sonda qonaqlar ADNSU-nun Tarix muzeyində eksponatlarla tanış olublar, Mineraologiya muzeyində mineralların adı, kimyəvi tərkibi və tapıldığı mənbələr haqqında ətraflı məlumat alıblar. 


Share