×

Xəbərlər

Xəbərlər 25 Mar 2025
ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdədir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2025-ci ilin “AD Scientific Index” reytinqində dünyanın 24653 universiteti arasında Azərbaycan üzrə 2-ci, Asiya üzrə 2361-ci və dünya üzrə 5558-ci yerdə qərarlaşıb.

ADNSU-nun “AD Scientific Index” sıralamasında yüksək yer tutmasında universitetin elmi göstəriciləri əsas rol oynayıb. Ümumi H-indeksi, son 6 ildəki H-indeksi, ümumi i10 indeksi, son 6 ildəki i10 indeksi, ümumi sitat sayı və son 6 ildəki sitat sayı kimi meyarlar üzrə nəticələri universitetin elmi sahədəki gücünü və beynəlxalq səviyyədə tanındığını göstərir.

Siyahıda Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti birinci, Azərbaycan Tibb Universiteti isə üçüncü yerdədir. 

AD Scientific Index (Alper-Doger Scientific Index) elmi jurnallar və universitetlər üzrə qiymətləndirmələr aparmaqla yanaşı, alimlərin elmi fəaliyyətini və məhsuldarlığını təhlil edən reytinq və analiz sistemidir. Bu sistem, alimlərin elmi fəaliyyətlərinə görə universitet və ya institut daxilində top 10, 20, 40, 60, 80, 90 faizlərində və ümumi alimlər üzrə paylanmasını təhlil edən yeganə universitet/institut reytinq sistemidir. Həmçinin, “AD Scientific Index” universitetləri ümumi H-indeksi, son 6 il H-indeksi, ümumi i10 indeksi və sitatlar əsasında sıralama imkanı təqdim edir.

Qeyd edək ki, 2020-2025-ci illər ərzində elmimetrik bazalara daxil olan SCOPUS və WoS kimi jurnallarda ADNSU-nun adından çap olunan və istinad edilən məqalələrin sayında ciddi artım var. Belə ki, 2020-ci ildən bu günə kimi Web of Science və SCOPUS bazalarına daxil olmuş jurnallarda çap olunan məqalələrin və istinadların sayında iki dəfədən çox artım müşahidə olunub.

ADNSU həmçinin, ötən il dünyanın nüfuzlu reytinq agentliyi olan “Times Higher Education World University Rankings 2025”-ə daxil olub. Belə ki, ADNSU 2025-ci il üzrə “Times Higher Education” dünya universitetləri reytinqində 1501+ yerdə qərarlaşmışdı.


Paylaş