Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 1-3 noyabr tafrixində Bakı şəhərində keçirilən Neft Mühəndisləri Cəmiyyətinin İllik Xəzər Texniki Konfrans və Sərgisində iştirak edib. 3 gün davam edən sərgi və konfransın gedişatı zamanı Modernləşdirmə, Lokallaşdırma və Əməkdaşlıq mövzularında panel sessiyaları keçirilib. Əməkdaşlığa dair panel sessiyasında ADNSU-nun rektoru, professor M.Babanlı çıxış edərək Neft Mühəndisliyi Cəmiyyətinin Bakı bölməsinin 20 illiyinin qeyd olunması münasibətilə toplaşanları təbrik edib. Rektor M.Babanlı neft mühəndisliyi sahəsində kadrların yetişdirilməsi sahəsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu və azərbaycanlı mütəxəssislərin dünyanın bir sıra bölgələrində neft sahəsində uğurla çalışdıqlarını qeyd edib. Müasir texniki-texnoloji inkişaf dövründə neft sektorunda fəaliyyət göstərən şirkətlərin tələblərinə cavab verən kadrların yetişdirilməsi məsələsinin xüsusi önəm kəsb etdiyini söyləyən rektor, professor M.Babanlı neft mühəndisliyi sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması işində şirkətlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Nümunə olaraq rəhbəri olduğu ali məktəbin Fransanın Total şirkəti ilə sıx əməkdaşlıq əlaqələrini qeyd edən rektor Mustafa Babanlı Azərbaycan Respublikası və Fransa prezidentlərinin təşəbbüsü ilə ADNSU-nun nəzdində fəaliyyətə başlamış Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında toplaşanlara məlumat verib. UFAZ-ı təhsil sahəsində unikal layihə adlandıran rektor M.Babanlı universitetdə tədrisin Strasburq Universitetinin tədris proqramı əsasında aparıldığını, bəzi parametrlərinə görə isə hətta ondan belə üstün olduğunu diqqətə çatdırıb və əlavə edib ki, tezliklə ADNSU-nun tədris proqramının da həmin səviyyəyə yüksəldilməsi nəzərdə tutulub.
Neft Mühəndisləri Cəmiyyəti (NMC) enerji mənbələrinin işlənməsi və istehsalı ilə məşğul olan üzvlərin qeyri-kommersiya birliyidir. NMC-nin dünyanın 147 ölkəsində 164000-dən artıq üzvü var. NMC neft və qaz kəşfiyyatı və istehsal sənayesinə dair mühüm texniki bilik mənbəyidir.