Noyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İspaniyanın Donastia Beynəlxalq Fizika Mərkəzinin və Bask Universitetinin professoru Yevgeniy Çulkovla görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Qonağı universitetdə görməkdən məmnun qaldığını deyən ADNSU-nun rektoru, prof. M.Babanlı bu cür görüşlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. Universitetin elmi potensialının inkişaf etdirilməsi üçün görülən işlər barədə Y.Çulkova məlumat verən rektor M.Babanlı ADNSU-nun gələcəkdə təkcə tədris müəssisəsi deyil, həm də böyük elm mərkəzi kimi fəaliyyət göstərəcəyinə inandığını qeyd edib. Rektor M.Babanlı universitetin kafedralarında laboratoriyaların maddi-texniki bazasının inkişaf etdirilməsi, gündəlik təcrübə proqramı, buraxılış işlərinin mövzularının sənaye müəssisələrinin tələbinə uyğunlaşdırılması və s. haqqında Y.Çulkova məlumat verib.
Səmimi qəbula görə, rektor, prof. M.Babanlı başda olmaqla universitet rəhbərliyinə təşəkkür edən Yevgeniy Çulkov təmsil etdiyi İspaniyanın Donastia Beynəlxalq Fizika Mərkəzi və Bask Universiteti haqqında məlumat verib, ADNSU ilə elmi sahədə görülə biləcək birgə işlər barədə danışıb.
Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı Donastia Beynəlxalq Fizika Mərkəzi və Bask Universiteti ilə əməkdaşlığın Azərbaycan elminə verə biləcəyi töhfələrdən danışıb.
Sonda universitetin professor-müəllim heyəti ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Yevgeniy Çulkov 700-dən artıq elmi əsərin, o cümlədən 400-dən çox elmi məqalənin müəllifidir. Onun təmsil etdiyi Donastia Beynəlxalq Fizika Mərkəzi bərk cisimlər və funksional materiallar fizikası üzrə dünyanın onlarla elmi-tədqiqat laboratoriyalarının birgə tədqiqatlarını koordinasiya edir.