Almaniyalı mütəxəssis Gudrun Zoll “Az-BALİBR” layihəsi çərçivəsində 3 həftə ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasının modernləşdirilməsi, onlayn sistemin yaradılması işində iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Xanım Zoll ADNSU-nun Əsaslı kitabxanasının müdiri Səlahət Mahmudova və digər kitabxana əməkdaşları ilə birgə kitabxananın fəaliyyəti, sahib olduğu kolleksiyalar, elektron kataloqların işlənməsi, yeni kitabların, jurnalların təminatı və tələbələrə çatdırılması yolları ilə tanış olub. Mütəxəssisə kitabxananın çalışdığı İRBİS-64 proqramı haqqında məlumat verilib.
Daha öncə Almaniyada, Afrikada uzun müddət kitabxana və arxivlərdə çalışan mütəxəssis universitetin yeni yaradılacaq kitabxanasının layihələri ilə də tanış olub, yeni kitabxananın quruluşu, strukturu ilə bağlı fikirlərini, təklif və tövsiyələrini bölüşüb.
Universitetdə olduğu müddətin bir hissəsini kitabxanada keçirən xanım Zoll eyni zamanda Azərbaycanda digər universitetlərin kitabxanaları ilə, onların çalışdığı proqramlarla maraqlanır və ADA Universitetinin kitabxanalarını ziyarət edib, kitabxana heyəti ilə görüşüb və bu mövzuda geniş müzakirələr aparıb.
Qeyd edək ki, almaniyalı mütəxəssisin Azərbaycana səfəri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təklif etdiyi Senior Experten Service (SES) xidməti vasitəsilə və ADNSU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib. SES Almaniyanın təqaüdə çıxan və ya işdən kənarlaşan mütəxəssisləri üçün qabaqcıl könüllü təşkilatdır. SES 1983-cü ildən dünyanın hər yerində, müxtəlif sahələrdə çalışan mütəxəssislərə kömək etməyə çalışır.