Noyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tanınmış şair və publisist Süleyman Əlisa ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev bu cür tədbirlərin keçirilməsinin tələbələr üçün əhəmiyyətindən danışıb.
Süleyman Əlisa tədbir iştirakçılarına özü haqqında məlumat verib, müəllifi olduğu kitablar, iştirak etdiyi beynəlxalq konfranslar haqqında danışıb. “Təklə eli, tərəkəmə dünyası” kitabını tələbələrə təqdim edən şair və publisist S.Əlisa bu kitabın Azərbaycan xalqının etnik tarixinin öyrənilməsi baxımından maraqlı tədqiqat əsəri olduğunu qeyd edib. Müəllif kitabda etnogenezimizdə mühüm rol oynayan ən böyük tayfalardan birinin – Təklə tayfasının nümunəsində xalqımızın tarixi, etnoqrafiyası, folkloru və bu sahədə həmin tayfanın yeri və rolu, etnoqrafik özünəməxsusluğu, ədəbi-bədii yaradıcılıq xüsusiyyətlərinin geniş araşdırıldığını tələbələrin diqqətinə çatdırıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Süleyman Əlisa dünya azərbaycanlılarının fəaliyyətini geniş işıqlandıran azərbaycançılıq ideyalarının yayılmasına xidmət edən “Neva sahillərində görüşlər”, “Moskvada Azərbaycan dünyası”, “Dünya azərbaycanlıları” kitablarının müəllifidir.