Noyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Qeyri-neft sektorunun inkişafı və vətəndaş cəmiyyəti” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini qeyd edib. Vətəndaş cəmiyyətinin formalaşmasında görülən işlərin, keçirilən silsilə tədbirlərin ölkə başçısının diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd edən dosent A.Babayev ADNSU-nun bu cür tədbirlərin keçirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Daha sonra MQF-nin prezindenti Rauf Zeyni Mili QHT Forumunun tarixi, məqsəd və fəaliyyəti barədə məlumat verib. İştirakçılara həmçinin vətəndaş cəmiyyətinin tarixi və əhəmiyyəti, qeyri-hökumət təşkilatı anlayışı, könüllülük hərəkatı barədə geniş məlumat verən R.Zeyni qeyd edib ki, ölkəmizin beynəlxalq idman, ticarət, mədəniyyət və dialoqlar mərkəzinə çevrilməsi, o cümlədən ölkəmizin gələcəyini təmin edən Bakı-Tbilisi-Ceyhandan Bakı-Tbilisi-Qarsadək beynəlxalq layihələrin keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri olması, regionun ən güclü lider dövlətə çevrilməsi deməkdir. Bu səbəbdən də hər bir vətəndaş və gənc öz ölkəsinin layiqli vətəndaşı olmağa çalışmalıdır. Sonda R.Zeyni tədbirin həyata keçirilməsində yaradılan dəstək üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.