Noyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BP-nin “Tələbələr üçün işə qəbul” proqramı çərçivəsində seminarı keçirilib.
Seminarda BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova, işə qəbul üzrə koordinator Səbinə Vəliyeva, eləcə də qazma üzrə mühəndis Yaşar Qazi BP-də iş təcrübəsi və işə qəbulla bağlı tələbələrə geniş məlumat verib. BP-nin tələbə və məzunlara təqdim etdiyi təcrübə proqramları və onlara müraciət qaydaları izah olunub.
Tədbirdə BP-nin Yay təcrübə proqramında iştirak etmiş ADNSU-nun SABAH qruplarının IV kurs geologiya fakültəsinin tələbəsi Aydın Şahtaxtinski təcrübə keçdiyi müddətdə gördüyü işlərdən, təcrübə proqramının üstünlüklərindən və gənclərə yaratdığı əvəzsiz iş təcrübəsindən bəhs edən təqdimatla çıxış edib. Daha sonra ADNSU-nun geofizika fakültəsinin magistr II kurs tələbəsi Kamran Abbasov BP-də iş mühitindən danışıb və karyera təcrübəsini bölüşüb. Şirkətin tələbə və məzunlara yay təcrübəsi və karyera imkanları yaratdığını vurğulayıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.